Аудиокнига Toğana

  • Toğana слушать
  • Toğana
    Автор: Sabir Əhmədli
    • 1
      001
Sabir Əhmədli roman janrında yazan, bu janrın müasir varlığı dərk və əks etdirmək üçün verdiyi geniş imkanlardan bacarıqla istifadə edən yazıçılarımızdan olub. Ədibin ən maraqlı əsərlərindən biri də “Toğana” romanıdır. Elə yazıçı var ki, şəhərlə əlaqəsi az və zəif olan, elmi-texniki tərəqqinin təsirindən müəyyən dərəcədə kənarda qalan ucqar dağ kəndlərindən yazmağı çox sevir. Sabir Əhmədlinin romanında təsvir edilən Toğana da ucqar dağ kəndidir. Lakin demək olmaz ki, bu kənd şəhərdən tam təcrid edilmişdir. “Toğana” romanında ucqar dağ kəndinin təsərrüfat həyatının çətinlikləri, onun əmək adamlarının yaşayış tərzi və qayğıları ilə yanaşı, çoxcəhətli və çoxplanlı şəkildə qoyulmuş mənəviyyat problemləri ilə də qarşılaşırıq. “Toğana” nəzərimizdə aktual, müasir mənəvi problemlərin qoyuluşu və bədii həlli sahəsində yazıçı axtarışlarının mühüm nəticəsi kimi qiymətlidir. Ümumiyyətlə “Toğana” bütövlükdə kənd, təbiət və mənəviyyat mövzusunda yazılmış romandır. Yazıçı obrazlarının mənəviyyatını təbiətin saflığı, gözəlliyi ilə müqayisə və təmasda verir, bir obrazın dünyagörüşün, işinə, vəzifəsinə, ailəsinə, başqalarına münasibətini onun mənəvi aləminin açarına çevirir. Romanın əvvvəlində biz toğanalılarla və buraya yaylağa gəlmiş şəhərlilərlə tanış oluruq. Toğanalılar və yaylaqçılar haqqında yazıçı təqdimatı iki əsas xətt olub əsərin əvvəlindən sonuna qədər qarşılıqlı əlaqə və münasibətdə davam etdirilir. “Toğana”da maraqlı surətlərlə qarşılaşırıq. Bunların sayı iyirmidən çoxdur. Əsərin aparıcı surəti, əsas qəhrəmanı Adil müəllimdir. Romanda Adil müəllimin və onun kimi mənəviyyatı təmiz adamların xarakteri daha çox düşüncələr axınında, daxili monoloqlarla açılır. Bu isə romanın forma xüsusiyyətlərini müəyyən edir.