Аудиокнига Ədəbiyyat dərsliyi. 9-cu sinif

  • Ədəbiyyat dərsliyi. 9-cu sinif слушать
  • Ədəbiyyat dərsliyi. 9-cu sinif
    Автор: Коллектив авторов
    • 1
      001
Əziz şagirdlər! Ədəbiyyatımızın tarixən qədim və zəngin olması barədə aşağı siniflərdə, xüsusən səkkizinci sinifdə ətraflı məlumat öyrəndiniz. Artıq bilirsiniz ki, tarixin ağır sınaqlarından çıxan, xalqımızın həyatını, taleyini, arzu və düşüncəsini ləyaqətlə əks etdirən ədəbiyyatımız daim inkişafda olmuş və zənginləşmişdir. Bunu da bilməlisiniz ki, ictimai- siyasi quruluşların bir-birini əvəz etməsi, cəmiyyətdə baş verən dəyişikliklər ədəbiyyatımıza təsirsiz ötüşməmiş, onda dərin iz buraxmışdır. Lakin bütün hallarda bədii ədəbiyyatın əsas təsvir obyekti olan insanın mənəvi aləmi, amalı, mübarizəsi diqqət mərkəzində qalmışdır. İnsanı hərtərəfli təsvir edən, öyrənən ədəbiyyatın məqsədi onu mənəvi cəhətdən zənginləşdirmək və kamilləşdirməkdir. İnsanı təsvir edən ədəbiyyat həm də onun bağlı olduğu konkret tarixi şəraiti, mühiti də əks etdirir. İnsanın qarşılaşdığı problemlər, sosialsiyasi həyatda baş verən ciddi dəyişikliklər və bunun insan taleyinə təsiri bədii ədəbiyyatda geniş əksini tapır. Bütün bunlar ədəbiyyatın mövzu dairəsinin məhdud olması anlamına gəlmir. Bədii ədəbiyyatın mövzusu, təsvir obyekti çoxdur. Təbiətə, heyvanlar aləminə və s. həsr olunmuş yüzlərlə gözəl sənət nümunələri vardır. Lakin bu qəbildən əsərlərdə də insanın təsvir obyektinə münasibəti öz ifadəsini tapmış olur. Buradan aydınlaşır ki, cəmiyyətdə, bütövlükdə həyatda baş verən dəyişiklik, inkişaf ədəbiyyatda insanın xarakteri, taleyi, həyata baxışı əsasında əks etdirilir. Göründüyü kimi, bədii ədəbiyyat mürəkkəb, çətin bir vəzifəni yerinə yetirir. Uğur qazanmaq üçün o daim təzələnməli, yeni məzmun və forma axtarışında olmalı, zənginləşməlidir.