Ağ duman tək yuxuna kaş ki, gələydim gecələr, Qəmli ruhun haralar gəzdi, biləydim gecələr. Hər səhər sübh nəsimiylə doğulmaqçün kaş, Baş qoyub sinənə sakitcə öləydim gecələr. Bölünüb min yerə, hər zərrəmi bir ulduz edib, Başın üstündə səmaya düzüləydim gecələr. Ağlayıb gündüzü biçarə bulud tək sənsiz, Baxaraq göz yaşıma sənlə, güləydim gecələr. Sən qaranlıqda ayı seyr elədikcə, mən də, Ruhuna ay işığıyla süzüləydim gecələr. Baş daşım üstə dodaq izlərini öpmək üçün, Allahımdan da xəbərsiz diriləydim gecələr. Fəhminin qəlbidə son arzu qalmış yalnız, Ağ duman tək yuxuna kaş ki, gələydim gecələr.